cümə axşamı 8 yanvar 2026 - 09:36
Ayətullah Misbahın təfsiri humanitar elmlərin İslama uyğunlaşması üçün xüsusi bir nümunədir

İmam Xomeyni (r) adına Təhsil və Tədqiqat İnstitutunun Araşdırmaları üzrə işçi qrupunun katibi, humanitar elmlərinin İslama uyğunlaşmasında Quran maariflərindən maksimum yararlanmağın zəruriliyini vurğulayaraq, Ayətullah Misbah Yəzdinin Quran təfsirinin xüsusiyyətlərini ümumi və xüsusi aspektlərdə izah etdi və bu təfsir üsulunu geniş, planlı və nəzəri yönümlü bir model kimi təqdim etdi.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, İmam Xomeyni (r) adına olan İnstitutda keçirilən “Əllamə Misbah Yəzdinin Quranın məzmunlu təfsirinin xüsusiyyətləri” adlı iclasda çıxış edən Höccətül-İslam Mehdi Abidi humanitar elmlərin transformasiyası və İslama uyğunlaşmasında Quran maariflərinin xüsusi mövqeyinə toxunaraq bildirib ki, bu yolun əsas tələblərindən biri Qurani-Kərim maariflərinin geniş potensialına dəqiq və metodik yanaşmadır. O vurğulayıb ki, bu kontekstdə Əllamə Misbah Yəzdinin təfsir metodu özünəməxsus və üstün xüsusiyyətlərə malikdir.
O, Ayətullah Misbahın təfsirinin xüsusiyyətlərinin ümumi və xüsusi olmaqla iki qrupa bölündüyünü qeyd edərək əlavə edib: Bu təfsir məktəbinin ümumi xüsusiyyətlərinə səlis, aydın və eyni zamanda geniş Quran əsasında məzmununun təqdimatı daxildir. Elə bir təqdimat ki, mürəkkəbliyinə baxmayaraq, tövhid, cəbr və ixtiyar məsələsi, əxlaq, ictima, fəlsəfə və əqli nəzəriyyələr kimi fundamental anlayışları axıcı və anlaşılan dildə ifadə etməyə nail olmuşdur.
İmam Xomeyni (r) adına İnstitutun Araşdırmaları üzrə işçi qrupunun katibi sölərinə davam edərək bildirib ki, Quran maariflərinin izahında yüksək elmi potensial və güclü analitik qabiliyyət Əllamə Misbahın mövzulu təfsir elminin digər mühüm göstəricilərindəndir. O, həmişə dəqiq və geniş baxışla ayələrin məna qatlarını üzə çıxarmış, humanitar elmlərin mürəkkəb mövzularına nizamlı şəkildə daxil olaraq Quranla müasir insanın problemləri arasında geniş bir əlaqə qurmuşdur.
Hövzə və universitet müəllimi vurğulayıb ki, Əllamə Misbah Yəzdi müxtəlif mövzularla qarşılaşarkən yalnız nəql və təfsirlə kifayətlənmirdi. O məsələləri dəqiq təhlil edərək nəzəriyyə irəli sürürdü. Bununla da o, İslam nəzəriyyəsinin yol və üsulunu praktik şəkildə formalaşdıraraq öyrədirdi. Onun humanitar elmlərdən istifadəsi daim dini və İslam əsaslarına söykənirdi və bu baxımdan yanaşması tam məqsədyönlü və istiqamətlənmiş xarakter daşıyırdı.

Höccətül-İslam Abidi Əllamə Misbahın Qurani-Kərimin geniş məzmunlu təfsirinə xas olan xüsusiyyətləri izah edərkən bildirib ki, Quran maariflərinin proqrama salınması və  bu proqramın bütöv, innovativ və ardıcıl bir model şəklində təqdim edilməsi onun təfsir metodunun ən mühüm xüsusiyyətlərindəndir. Bundan əlavə, Əllamə Misbah müzakirə predmetinin dəqiq müəyyənləşdirilməsində misilsiz diqqət və peşəkarlıq nümayiş etdirir, hər hansı bir məsələyə daxil olmadan öncə onun hüdud və ölçülərini aydın şəkildə müəyyən edirdi.

O əlavə edib ki, Əllamə Misbah Yəzdinin digər mühüm üstünlüklərindən biri Quran mətninin dərin mənalanı açan əsas məfhumları maksimum dərəcədə və eyni zamanda məqsədəuyğun şəkildə üzə çıxarmaq bacarığı idi. O, mövzunun dəqiq təhlili və müxtəlif aspektlərinin araşdırılması yolu ilə Qurani-Kərim ayələri üzərində geniş araşdırma apararaq, mövzunun mahiyyətini açan əsas terminləri müəyyənləşdirib onlardan istifadə edirdi.

İmam Xomeyni (r) adına Təhsil və Tədqiqat İnstitutunun Araşdırmaları üzrə işçi qrupunun katibi sonda vurğulayıb ki, Əllamə Misbahın təfsir metodunun digər mühüm xüsusiyyətlərindən biri Quran maariflərinin şərh və təhlili prosesində zənni və etibarlı olmayan nəzəriyyələrin müdaxiləsindən ciddi şəkildə çəkinməsi idi. O, hər zaman Quran elmlərinin şərh və təhlilinin möhkəm, rasional və vəhyə əsaslanan prinsiplər üzərində qurulmasına çalışırdı. O, həmişə səy göstərirdi ki, Quran maarifi cəmiyyətin düşüncə və fəaliyyətinin istiqamətləndirilməsində dəqiq və strateji rol oynaya bilsin.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha